Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuri Manvelyan: “Qarabağda yaşayan ermənilər onların vecinə deyil” 

Artıq bir neçə gündür ki, Ermənistan müxalifəti etiraz aksiyaları keçirir - mitinqlər, avtomobil yürüşləri, küçələr bağlanır, hökumət binalarının qarşısını bloklamaq cəhdləri edilir. Etirazçıların əsas tələbi ölkənin maraqlarını təslim etməkdə ittiham olunan baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasıdır.

Erməni jurnalist, “epress.am” nəşrinin baş redaktoru Yuri Manvelyan Oxu.Az-a Ermənistanda əslində nə baş verdiyindən danışır.

- Neçə gündür səngiməyən etirazların miqyası nə dərəcədə böyükdür?

- Etiraz aksiyalarının miqyasını qiymətləndirmək həmişə faydalı bir iş deyil. Amma indi müasir texnologiyalar bunu dron görüntüləri vasitəsilə etməyə imkan verir. “Məlumatlı Vətəndaşlar Birliyi” adlı müstəqil təşkilat var ki, aksiya iştirakçılarının hesablamalarını aparır. Etirazçıların maksimum sayı - təxminən 12 700 nəfər – mayın 1-də, mitinqlərin ilk günündə qeydə alınıb. Bu, müxalifətin səfərbərliyinin pik nöqtəsi idi. Amma mayın 11-də keçirilən mitinqdə cəmi 1700 nəfər var idi.

Amma təbii ki, onlar çox səs-küy sala bilirlər. Bu mitinqlərin təşkilatçıları Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serjik Sarqsyandır ki, onlar media resurslarına və əhəmiyyətli maliyyə axınına nəzarəti davam etdirirlər. İnzibati vəzifələrdə olarkən qanunsuz yolla varlanıblar və indi əmindirlər ki, hər şeyə sahib çıxmalı, hakimiyyətdə olmalıdırlar. Bu, onların əsas arzusudur.

Onlar “Arsax”dan (burda və mətnin davamında dırnaqlar tərəfimizdəndir – red.) danışırlar. Yəni İrəvanın mərkəzində “Arsax” axtarırlar. Qarabağda yaşayan ermənilər isə veclərinə deyil. Özləri də Qarabağdandırlar, amma orada yaşamırlar, işləmirlər və bunu etmək niyyətində də deyillər.

Onların KİV-nin ritorikası, “danışan başlar” dəyişməyib. Son dərəcə millətçi, hətta nasist deyilə biləcək şüarlar səsləndirilir. Etirazçılar özlərini çox aqressiv aparırlar, şəhərin mərkəzi yolayrıclarından birini bağlayıblar, bloklamaq istədikləri müxtəlif küçələrlə hərəkət edirlər. Bu, bir növ 2018-ci il inqilabının trollinqinə bənzəyir (onda hakimiyyətə Nikol Paşinyan gəldi - red.). Amma indiki hadisələrin ozamankı kütləvi etirazlarla heç bir oxşarlığı yoxdur.

Yeri gəlmişkən, təəccüblü deyil ki, onlar çoxlu pula malik olduqları halda Ermənistan kimi kasıb bir ölkədə daha çox insanı səfərbər edə bilmədilər. Məsələ burasındadır ki, xalq məhz mitinqlərə çıxanların təmsil olunduğu “müharibə partiyaları”ndan bezib. Bütün bu illər ərzində, məsələn, Azərbaycandan Ermənistana nəzər salmağa, nə baş verdiyini anlamağa cəhd edəndə “müharibə partiyası” tərəfdarlarının yaratdığı mənzərəni görüblər.

Dediyim kimi, keçmiş Ermənistan hakimiyyətindən olan bu adamlar son dərəcə aqressivdirlər. Onlara qoşulmayan insanlara hücum edir, maşınlara ziyan vururlar. Robert Koçaryanın oğlu mühafizəçilərinin müşayiəti ilə küçələri bağlamağa çıxmışdı. Aksiyalarda qəddarlığı ilə tanınan polislər və generallar iştirak edir.

Burada həm də geosiyasi komponent var. Bu insanların küçəyə çıxması Rusiyanın Ermənistana təzyiqləri ilə eyni vaxta düşdü. Axı aydındır ki, indi heç bir ağlı başında olan hökumət Ukraynada müharibəyə səbəb olan Rusiya Federasiyası ilə heç bir şəkildə assosiasiya olunmaq istəmir. Ermənistanı özünün məskəni hesab edən Moskva isə İrəvanı özünə bağlamağa, onu suverenlik qalıqlarından əl çəkməyə məcbur etməyə çalışırdı. Amma Ermənistan buna razı olmadı, bundan sonra Qarabağda gərginlik yarandı və sonra bu cari etirazlar başladı.

Bu insanlar Ukraynadakı müharibədən ruhlanırlar. Onlara elə gəlir ki, indi nəsə etmək və hakimiyyətə qayıtmaq üçün doğru zamandır. Kremlin təbliğatçılarının - Solovyovun və başqalarının müxalifətin hərəkətlərini necə dəstəklədiyinə, “polis vəhşiliyindən” necə qəzəbləndiyinə diqqət yetirin.

- Etirazçılar Nikol Paşinyanın istefasını tələb edirlər. Bəs əvəzinə kimi təklif edirlər? Bu etirazların “siması” kimdir?

- Onlar müvəqqəti hökumət təklif edirlər. Demək olar bütün üzlər isə köhnədir. Onların nə cür menecerlər, idarəçilər olduqlarını göstərmək üçün az qala üç onillikləri var idi, onlar çoxdan tanınırlar və heç də yaxşı tərəfdən tanınmırlar. Bunlar insanların seçimini nəzərə almırlar.

Mən propaşinyan mövqedə deyiləm, amma seçkilərin demokratik proseduru məhz onun dövründə mümkün olub. Və Paşinyanın partiyası həm müharibədən əvvəl, həm də müharibədən sonra qalib gəlib. Amma onların vecinə deyil, seçkidə maraqlı deyillər, heç vaxt vicdanla qalib gəlməyiblər, onlar sadəcə hakimiyyəti ələ keçirmək istəyirlər.

Xalq, bir daha deyirəm, müharibədən, döyüşçü ritorikasından, terrordan bezib. Və bu “müxalifətçilər” Ermənistanla qonşuları arasında normal münasibətlərin qurulmasını sabotaj edirlər. Yenə təkcə qonşulara münasibətdə deyil, həm də müharibə istəməyən əksəriyyət həmvətənlərinə qarşı açıq faşist şüarları səslənir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

İsrail MN-dən İran və "Hizbullah"a xəbərdarlıq: "Əvvəllər görünməmiş zərbə endirəcəyik"

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay